☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

XII Beynəlxalq Kitab Sərgisində "Səhnə... İşıqlar... Uşaqlar" pyeslər toplusunun təqdimatı keçirilib

26.10.2026 | 15:00

Bakı Ekspo Mərkəzində təşkil olunan XII Beynəlxalq Kitab Sərgisi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının tərtib etdiyi “Səhnə... İşıqlar... Uşaqlar” adlı yeni pyeslər toplusunun rəsmi təqdimat mərasimi baş tutub. Geniş ədəbi və pedaqoji ictimaiyyətin, ziyalıların, eləcə də məktəblilərin qatıldığı tədbir uşaq dramaturgiyasına həsr olunmuş mühüm mədəni hadisə kimi böyük maraqla qarşılanıb.

Mərasimi giriş sözü ilə açan nəşrin redaktoru və tədbirin aparıcısı Sevinc Nuruqızı kitabın ideyası, strukturu və ərsəyə gəlmə prosesi barəsində ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, dramaturgiya uşaq ədəbiyyatının həm estetik, həm də psixoloji baxımdan ən təsirli qollarından biri hesab olunsa da, ölkəmizdə bu janrda toplu şəklində nəşr edilən vəsaitlərin sayı olduqca məhduddur. Məhz bu baxımdan “Səhnə... İşıqlar... Uşaqlar...” kitabı təkcə ədəbi fakt kimi deyil, həm də məktəb teatrları və dərnəkləri üçün praktik bədii baza rolunu oynayan vacib nəşrdir.

Kitabın tərtibçisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı çıxışında müasir dövrdə uşaqların intellektual inkişafında və bədii zövqünün formalaşmasında teatr sənətinin əvəzsiz yerindən danışıb. Tərtibçi bildirib ki, layihənin əsas məqsədi fərqli mövzularda qələmə alınmış orijinal səhnə əsərlərini vahid topluda bir araya gətirmək, məktəblilərin səhnə təcrübəsi qazanmasına dəstək olmaq və uşaq teatr repertuarını zənginləşdirməkdir. Vurğulanıb ki, topluda müasir Azərbaycan uşaq ədəbiyyatının sevilən yazarlarından - Sevinc Nuruqızı, Aygün Həsənoğlu, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, İbrahim Yusifoğlu, Arzu Soltan, Vüqar Haqverdiyev, Sevinc Elsevər, Elvira Məmmədova, Nurlanə İşıq və Əfsanə Laçının uşaq dünyasını, dostluq, vətənpərvərlik və mənəvi dəyərləri tərənnüm edən maraqlı pyesləri cəmlənib.

Təqdimatda çıxış edən tanınmış uşaq yazarı, professor Zahid Xəlil, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabın naşiri Tural Axundov, eləcə də AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları, o cümlədən İlhamə Ağazadə və kitabda əsərləri yer alan müəlliflər çıxış edərək nəşrin əhəmiyyətini yüksək dəyərləndiriblər. Natiqlər qeyd ediblər ki, bu cür təşəbbüslər gənc nəslin mütaliə mədəniyyətini gücləndirməklə yanaşı, onları səhnə sənəti vasitəsilə ictimai ünsiyyətə və yaradıcı düşüncəyə cəlb edir. Kitabxana və təhsil ocaqlarında bu topludan istifadənin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbir interaktiv və canlı bədii proqramla yekunlaşıb. Suraxanı rayonu 281 saylı və Binəqədi rayonu 333 saylı tam orta məktəblərinin şagirdləri təqdim olunan kitabda yer alan pyeslərdən ibarət rəngarəng səhnəciklər nümayiş etdiriblər. Balaca istedadların məharətli ifası, canlı dialoqları və yaratdıqları səhnə obrazları tamaşaçılar və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.