☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Qars simpoziumunda uşaqların gələcəyi müzakirə olunub: rəqəmsal təhlükəsizlik, milli-mənəvi dəyərlər və ədəbiyyatın rolu

30.10.2026 | 15:30

 

13-cü Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri elmi məruzələrlə çıxış ediblər

2026-cı il oktyabrın 23–24-də Türkiyənin Qars şəhərində, Qafqaz Universitetinin ev sahibliyi ilə 13-cü Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib. Müxtəlif ölkələrdən alimləri, uşaq ədəbiyyatı yazıçılarını, psixoloqları, pedaqoqları və media mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbirdə müasir dövrün aktual problemlərindən biri olan rəqəmsal və çap mediasında uşaqların psixoloji inkişafına mənfi təsir göstərən məzmunlar, onların qorunması yolları və bu sahədə ailə, cəmiyyət və medianın məsuliyyəti geniş müzakirə olunub.

 

Simpoziumun əsas məqsədlərindən biri akademik dairələr arasında elmi ünsiyyətin gücləndirilməsi, türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də uşaq və gənclər ədəbiyyatının müasir cəmiyyətin inkişafındakı rolunun araşdırılması olub.

 

Tədbirin açılış mərasimində Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyinin (ÇOGEYB) İdarə Heyətinin sədri Bican Veysel Yıldız, Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, Ərdahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu və Qars valisi Ziya Polat çıxış ediblər. Dəvətli qonaqlar sırasında Türkiyə Milli Təhsil Nazirinin müavini dosent, professor Celile Eren Ökten və UNESCO Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz da yer alıblar.

 

Açılış çıxışlarında türk dili və ədəbiyyatının qorunması, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi, uşaq və gənclər ədəbiyyatının şəxsiyyətin formalaşmasında və mədəni inkişafda rolu kimi məsələlərə diqqət yetirilib.

 

Simpoziumun təşkilatçısı olan ÇOGEYB-in İdarə Heyətinin sədri Bican Veysel Yıldız açılış məruzəsində son dövrlərdə cəmiyyətdə uşaqlarla bağlı müşahidə olunan mənfi hallara toxunaraq ailə institutunun möhkəmləndirilməsinin, uşaq-valideyn münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının həyati əhəmiyyətini vurğulayıb. O, uşaqların müdafiəsinin yalnız ailənin deyil, bütövlükdə insanlığın ortaq məsuliyyəti olduğunu bildirib. Qeyd edib ki, bu kimi elmi-mədəni platformalar bəşəri problemlərin müzakirəsi, müxtəlif ölkələrin təcrübəsinin bölüşdürülməsi və birgə həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Milli Təhsil Nazirinin müavini Celile Eren Ökten, UNESCO Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz və digər rəsmi qonaqlar da çıxış edərək türk dünyasında ortaq uşaq ədəbiyyatının və mədəni irsin qorunması məsələlərinə münasibət bildiriblər.

 

Simpoziumun əsas mövzusu “Uşaqlara yönəlmiş zərərli (mənfi) nəşrlər. Uşaq və gənclik ədəbiyyatının psixologiya ilə əlaqəsi” olub. Müzakirələrdə rəqəmsal transformasiyanın uşaqların psixoloji və intellektual inkişafına təsiri, zərərli informasiya mənbələrindən müdafiə, mütaliə mədəniyyətinin formalaşdırılması, dil və milli kimliyin qorunması kimi aktual məsələlərə xüsusi diqqət yetirilib.

 

Ədəbi-mədəni yaddaş göstərir ki, insanın öz köklərindən, canlı ünsiyyətdən və doğmalarından uzaqlaşması yeni problem deyil. Lakin rəqəmsallaşma dövründə bu proses fərqli formalar alaraq yeni fəlsəfi və psixoloji məzmun qazanıb. Simpoziumda müxtəlif ölkələrdən olan tədqiqatçılar klassik folklor nümunələrinə və müasir uşaq ədəbiyyatına məhz bu kontekstdən yanaşaraq rəqəmsal dünyanın imkanlarını və yaratdığı problemləri elmi müstəvidə təhlil ediblər.

 

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların fundamental hüquqlarının, intellektual və psixoloji təhlükəsizliyinin qorunması xüsusi aktuallıq kəsb edir. Süni intellekt mühitində böyüyən yeni nəslin hansı resurslara ehtiyac duyduğu, rəqəmsal sosiallaşmanın doğurduğu problemlərin necə aradan qaldırıla biləcəyi, uşaqların informasiya təhlükəsizliyinin hansı vasitələrlə təmin ediləcəyi simpoziumun müzakirə istiqamətlərindən olub. Türkiyə Milli Təhsil Nazirinin müavini Celil Eren Öktenin də çıxışında vurğulandığı kimi, bu cür tədbirlər dil, ədəbiyyat və mədəniyyətin insan həyatındakı yeri barədə geniş fikir mübadiləsinə imkan yaradır.

 

Azərbaycan alimlərinin elmi məruzələri diqqət mərkəzində

 

Simpoziumun işində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də geniş tərkibdə təmsil olunublar. Onların məruzələrində uşaq ədəbiyyatının milli-mənəvi dəyərlərin qorunmasında, uşaqların bədii təfəkkürünün və şəxsiyyətinin formalaşmasında, mütaliə mədəniyyətinin inkişafında, eləcə də müharibə və sosial böhranların uşaqların psixoloji dünyasına təsirlərinin araşdırılmasında rolu müxtəlif aspektlərdən işıqlandırılıb.

 

Süni intellekt dövründə ünsiyyət problemlərinin mənəvi-psixoloji köklərinin ədəbi mənbələr əsasında araşdırılması və əldə olunan elmi nəticələrin gənc nəslə çatdırılması Ədəbiyyat İnstitutunun alimlərinin diqqət yetirdiyi mühüm istiqamətlərdəndir. Bu yanaşma süni intellektdən imtina etmədən, eyni zamanda ona kor-koranə tabe olmadan, milli-mənəvi dəyərləri və mədəni konteksti qoruyaraq yeni texnologiyalardan istifadə etməyi nəzərdə tutur.

 

İnstitutun alimlərinin məruzələri mövzu və tədqiqat istiqamətlərinin rəngarəngliyi ilə seçilib.

 

Esmira Fuad “Şəhriyarın «Pəri» məsnəvisində qız uşağı obrazı və qadın idealının poetik təcəssümü”, İlhamə Ağazadə “Müstəqillik dövrünün Azərbaycan uşaq poeziyasında Azərbaycan kimliyi konsepsiyasının bədii və poetik təzahürləri”, Lalə Ələkbərova isə “Füzulinin «Söz» qəzəlinin uşaqların bədii təfəkkürünün inkişafında rolu” mövzularında məruzələrlə çıxış ediblər. Bu tədqiqatlarda klassik və müasir ədəbi irsimizin uşaq ədəbiyyatı, milli kimlik və bədii-estetik tərbiyə kontekstində əhəmiyyəti diqqətə çatdırılıb.

 

Mərziyyə Nəcəfovanın “Qarabağ müharibəsində uşaqlara vurulan zərbənin Azərbaycan ədəbiyyatında əksi”, Hənifə Səlifovanın isə “Mahirə Nağıqızının «Çəkmələrim» adlı qısa hekayəsində müharibə travması yaşayan bir uşaq” mövzularında məruzələri müharibənin uşaqların mənəvi dünyasına və psixoloji durumuna təsirlərini ədəbi nümunələr əsasında təhlil edib. Bu çıxışlarda müharibə şəraitində uşaqların yaşadıqları travmalar, onların bədii ədəbiyyatda əksi və gənc nəslin müdafiəsinin bəşəri məsuliyyət məsələsi olduğu vurğulanıb.

 

Mənzər Niyarlının “«İnciler» kitabının incə qəhrəmanları”, Səbirə Müzəffərlinin “Çingiz Alioğlunun əsərlərində uşaqların dünyası”, Ruhəngiz Əliyevanın isə “Uşaq ədəbiyyatının ailə dəyərlərinin gücləndirilməsində və uşaqların mənəvi inkişafının dəstəklənməsində rolu” mövzularında məruzələri uşaq ədəbiyyatının ailə münasibətlərinə, mənəvi tərbiyəyə və uşaqların dünyagörüşünün formalaşmasına təsirini əhatə edib.

 

Zakirə Əliyevanın “Süni intellekt dövründə gənc nəslin ünsiyyət ehtiyaclarına ədəbi yaddaş perspektivindən baxış” adlı məruzəsində isə müasir texnoloji nəslin intellektual inkişafında insan zəkası ilə süni intellektin əməkdaşlığının əhəmiyyəti ön plana çəkilib. Bildirilib ki, süni intellektin imkanlarından səmərəli istifadə etməklə yanaşı, milli-mənəvi yaddaşın və mədəni kimliyin qorunması da əsas prioritetlərdən biri olmalıdır.

 

Məruzədə türkdilli xalqlar arasında əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək rəqəmsal humanitar layihələrin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, ortaq ədəbi-mədəni irsin rəqəmsallaşdırılması, elektron informasiya resurslarının yaradılması və müasir texnologiyalar vasitəsilə gənc nəslə çatdırılması milli-mənəvi dəyərlərdən uzaqlaşma və qlobal rəqəmsal axının təsiri ilə milli kimliyin unudulması risklərinin azaldılmasına xidmət edə bilər.

 

Milli dəyərləri qorumaq, türk xalqlarının ədəbi, mədəni və tarixi əlaqələrinin davamlılığını təmin etmək, bu mənəvi irsi gələcək nəsillərə ötürmək üçün rəqəmsal imkanlardan yararlanmaq artıq zərurətə çevrilib. Bu baxımdan rəqəmsal humanitar elmlər yalnız keçmişin qorunması deyil, həm də ortaq mədəni yaddaşın gələcəyin texnoloji mühitində yaşadılması vasitəsidir.

 

Uşaqların rəqəmsal təhlükəsizliyi ümumi məsuliyyətdir

 

Simpoziumun müxtəlif bölmələrində rəqəmsal dünyanın uşaqlara təsirləri, onların zərərli informasiya mənbələrindən qorunması, bu istiqamətdə ailənin, cəmiyyətin, təhsil sisteminin və medianın məsuliyyəti elmi nöqteyi-nəzərdən təhlil olunub.

 

Müzakirələrin diqqətçəkən istiqamətlərindən biri uşaqlara yönəlmiş zərərli nəşrlərin qarşısının alınmasında inzibati qadağalardan daha çox yaradıcıların, yazıçıların, naşirlərin, valideynlərin və media nümayəndələrinin fərdi və peşəkar məsuliyyətinin artırılması olub. Rəqəmsal dövrdə qadağaların təkbaşına yetərli olmadığı, uşaqlarda erkən yaşlardan media savadlılığının formalaşdırılmasının, onların informasiya mənbələrini düzgün qiymətləndirmək bacarığının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

Ümumilikdə, 13-cü Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu uşaq ədəbiyyatının müasir dövrün sosial, psixoloji və texnoloji çağırışları kontekstində araşdırılması üçün mühüm elmi müzakirə platforması olub. Tədbir türk dünyasının alimlərini, uşaq ədəbiyyatı yazarlarını və tədqiqatçılarını bir araya gətirməklə ortaq ədəbi-mədəni dəyərlərin qorunmasına, elmi əməkdaşlığın genişləndirilməsinə və uşaqların təhlükəsiz inkişafı naminə birgə yanaşmaların formalaşdırılmasına töhfə verib.

 

Qars simpoziumunun müzakirələri bir daha göstərib ki, uşaqların gələcəyini qorumaq yalnız ailənin və ya təhsil sisteminin vəzifəsi deyil. Bu, yazıçılardan alimlərə, müəllimlərdən jurnalistlərə, texnologiya mütəxəssislərindən valideynlərə qədər hər kəsin ortaq məsuliyyətidir. Rəqəmsal dünyanın sürətlə dəyişən reallıqları qarşısında uşaqları qorumağın ən etibarlı yollarından biri isə onların milli-mənəvi dəyərlərə bağlı, mütaliə mədəniyyətinə sahib, tənqidi düşünən və informasiya savadlılığı yüksək olan şəxsiyyətlər kimi yetişməsinə dəstək verməkdir.